BƏT-lə imzalanacaq yeni Ölkə Proqramının layihəsi hazırlanır

BƏT-lə imzalanacaq yeni Ölkə Proqramının layihəsi hazırlanır
# 14 noyabr 2022 16:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüş olub.

Nazirlikdən APA-ya bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatları diqqətə çatdırıb, bu islahatlar prosesində BƏT-lə də fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının və işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dair beynəlxalq təcrübənin araşdırılması, istehsalat təlimi sisteminin təkmilləşdirilməsi və s. sahələrdə BƏT-lə əməkdaşlıq şəraitində aparılmış işlərin əhəmiyyəti vurğulanıb.

Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan Azərbaycanda Təşkilatın “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının da ratifikasiyası işlərinin artıq başa çatmaqda olduğu qeyd edilib. Həmçinin BƏT-lə birgə imzalanacaq Layiqli Əmək üzrə yeni Ölkə Proqramı layihəsinin hazırlanmaqda olduğu bildirilib. Qeyd olunub ki, Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcək.

O.Kulayeva Azərbaycanla BƏT arasında ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.

Görüşdə Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, əmək müfəttişləri üçün təlimlərin təşkili, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsi, yeni əmək standartları üzrə ekspertlər səviyyəsində görüşlərin təşkili və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR