Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO
# 08 dekabr 2022 15:29 (UTC +04:00)

Bu gün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə dövlət qurumlarının əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, QHT-lərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov deyib ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru qeyd edib ki, 20 il əvvəl hüquq-mühafizə orqanlarında çalışanlara insan hüquq və azadlıqları barədə sual verdikdə cavab tapmasa, çətinlik çəkərdilərsə, bu gün vəziyyət tamamilə fərqlidir: “Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunub. Bu aspektdə onu da xüsusi qeyd etmək istəyərdim ki, son dövrlər ölkəmizdə vəkillik institutu özünün inkişaf dövrünü yaşayır”.

Samir Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması onun hüquqi islahatlara, qanunvericiliyimizin inkişafına, o cümlədən insan hüquqlarının müdafiəsinə diqqətinin bariz nümunəsidir.

Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev insan hüquqları sahəsində Ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirib. Onun sözlərinə görə, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Həbib Abdullayev bu sənədin ölkəmizdə demokratik institutların formalaşması prosesini sürətləndirdiyini, yeni üçpilləli məhkəmə sisteminin, Konstitusiya nəzarətinin, ombudsman kimi yeni təsisatın yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru mühüm addımların atıldığını vurğulayıb:

“44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən sonra insan hüquqlarının müdafiəsi sahəsində yeni era başlayıb. BMT İnsan Hüquqları Məhkəməsinə, Avropa Məhkəməsinə və digər beynəlxalq məhkəmələrə iddialar təqdim olunub və icra prosesi gedir. Azərbaycan dövlətinin hazırda qarşısında duran əsas məsələ məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə insan hüquqları sahəsində əsas təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edəcək”.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycanın hüquq və azadlıqların qorunması sahəsində bütün beynəlxalq sənəd və konvensiyalara, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə qoşulduğunu və beynəlxalq hüquq normalarının Milli qanunvericiliyə implementasiya edildiyini vurğulayıb. Məhəmməd Quluzadə İnstitutun yaxın vaxtlarda insan hüquqları ilə bağlı pulsuz onlayn kurs təşkil edəcəyini də açıqlayıb.

Deputat Bəhruz Məhərrəmov Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən, qəbul edilən qanunvericilik aktlarından danışıb.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dövlət başçısının ölkədə vəkillik institutunun inkişafına xüsusi diqqət yetirdiyini söyləyib: “Milyonlarla azərbaycanlının öz dilində təhsil ala bilməməsi ciddi bir problemdir. Biz də vəkillər olaraq beynəlxalq səviyyədə də bu problemin qaldırılmasına çalışmalıyıq”.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova insan hüquqları sahəsində birgə fəaliyyət üçün koordinasiya şurasının yaradılmasını təklif edib: “İstəyərdim ki, əl-ələ verək, bir işçi qrupu, koordinasiya şurası yaradılsın. Bu prosesə vətəndaş cəmiyyətini də cəlb edək”.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu müxtəlif universitetlərin və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan edib. Müsabiqədə ən yüksək nəticələr göstərən Bakı Dövlət Universitetinin 3 tələbəsi – Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, BDU-nun jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi – Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan ediliblər. Tədbirdə qaliblərə sertifikatlar və mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR