BMT QAK: 2021-ci ildə qaçqınların sayı 27,1 milyon nəfərə yüksəlib

BMT QAK: 2021-ci ildə qaçqınların sayı 27,1 milyon nəfərə yüksəlib
# 16 iyun 2022 10:52 (UTC +04:00)

2021-ci ilin sonunadək müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması nəticəsində didərgin düşənlərin sayı 89,3 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 8 faiz çox, 10 il əvvəlki rəqəmdən isə iki dəfə çoxdur.

APA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilib. Qeyd edilib ki, o vaxtdan bəri Rusiyanın Ukraynaya təcavüzü (bu, İkinci dünya müharibəsindən sonra ən sürətli və ən geniş didərginlik böhranlarından birinə səbəb olub) və Afrikadan tutmuş Əfqanıstana və digər ölkələrə qədər baş vermiş digər fövqəladə hallar bu rəqəmi 100 milyonluq dramatik həddə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, son onillikdə bu rəqəmlər hər il artıb:

“Ya beynəlxalq ictimaiyyət bu insan faciəsini aradan qaldırmaq, münaqişələri həll etmək və uzunmüddətli həll yollarını tapmaq üçün tədbirlər görməkdən ötrü bir araya gələcək, ya da bu dəhşətli tendensiya davam edəcək”.

Hesabatda deyilib ki, ötən il şiddətlənən münaqişələrin və alovlanan yeni münaqişələrin sayı ilə əlamətdar olub:

“Dünya Bankının məlumatına görə, ümumi əhalisi 850 milyon olan 23 ölkə şiddətlilik dərəcəsi orta və ya yüksək olan münaqişələrlə üzləşib. Bu arada ərzaq qıtlığı, inflyasiya və iqlim böhranı insanların çətinliklərini daha da artırır, humanitar reaksiyaları çətinləşdirir, eyni zamanda bir çox hallarda maliyyələşdirmə perspektivləri qənaətbəxş olmur. 2021-ci ildə qaçqınların sayı 27,1 milyon nəfərə yüksəlib. Digər ölkələrlə yanaşı, Uqanda, Çad və Sudandan gələnlərin sayı artıb. Qaçqınların çoxunu yenə də resursları az olan qonşu ölkələr qəbul ediblər. Sığınacaq axtaranların sayı 11 faiz artaraq 4,6 milyon nəfərə çatıb. Ötən il həmçinin münaqişələr nəticəsində ölkələri daxilində didərgin düşmüş insanların sayı 53,2 milyona yüksələrək ardıcıl 15-ci illik artım müşahidə edilib. Artımın səbəbi bəzi yerlərdə, məsələn, Myanmada artan zorakılıq və ya münaqişələr olub. Efiopiyanın Tıqray və digər bölgələrindəki münaqişələr milyonlarla insanın ölkə daxilində yerdəyişməsinə səbəb olub. Saheldəki üsyanlar xüsusən Burkina-Faso və Çadda yeni ölkədaxili yerdəyişmələrə səbəb olub. Didərginliyin sürəti və həcmi köçkünlər üçün qayıdış, başqa yerdə məskunlaşma və ya yerli əhaliyə inteqrasiya kimi həll yollarının əlçatanlığını hələ də üstələyir”.
Bildirilib ki, bununla belə, qlobal tendensiyalara dair hesabatda ümid işartıları da var:

“Qaçqınların və məcburi köçkünlərin qayıdışlarının sayı 2021-ci ildə artaraq COVID-19-dan əvvəlki səviyyəyə qayıdıb, könüllü repatriasiya halları isə 71 faiz artıb, hərçənd ki, rəqəmlər o qədər də yüksək deyil. Baxmayaraq ki dəhşətli yeni qaçqınlıq situasiyalarının şahidi oluruq və mövcud situasiyalar
yenidən alovlanır və ya həll olunmamış qalır, ölkələrin və icmaların didərginlər üçün həll yollarını tapmaqdan ötrü birlikdə çalışdığına dair də nümunələr var”, – deyə Qrandi əlavə edib.

2021-ci ildə vətəndaşlığı olmayan şəxslərin təxmini sayı bir qədər artsa da, təxminən 81.2 nəfər vətəndaşlıq əldə edib və ya vətəndaşlığı təsdiqlənib ki, bu da 2014-cü ildə BMT QAK-ın “IBelong” kampaniyasının başlanmasından bəri vətəndaşsızlıq hallarının azaldılmasında ən böyük göstəricidir. BMT QAK-ın 2021-ci il üzrə Qlobal tendensiyalara dair hesabatında bildirilib ki, 2022-ci ilin may ayınadək dünyada 100 milyondan çox insan təqib, münaqişə, zorakılıq, insan hüquqlarının pozulması və ya ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən zorla didərgin salınıb.

2021-ci ilin sonunda bu rəqəm 89,3 milyon olub ki, buraya da 27,1 milyon qaçqın, BMT QAK-ın mandatı altında olan 21,3 milyon qaçqın, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin mandatı altında olan 5,8 milyon fələstinli qaçqın, 53,2 milyon məcburi köçkün, 4,6 milyon sığınacaq axtaran, xaricə köçmüş 4,4 milyon didərgin venesuelalı daxildir.

2021-ci ildə qaçqınların və xaricə köçmüş didərgin venesuelalıların 83 faizini aşağı və orta gəlirli ölkələr qəbul edib. Ən az inkişaf etmiş ölkələr onların ümumi sayının 27 faizini sığınacaqla təmin edib. 72 faizi mənşə ölkələrinin qonşuluğundakı ölkələrdə yaşayıb. Türkiyə dünyada ən çox qaçqın əhali qəbul etmiş ölkə olaraq 3,8 milyon qaçqını qəbul edib, onun ardınca Uqanda (1,5 milyon), Pakistan (1,5 milyon) və Almaniya (1,3 milyon) gəlir. Kolumbiya xaricə köçmüş 1,8 milyon didərgin venesuelalını qəbul edib.

Hesabata görə, adambaşına düşən qaçqın sayına görə ən çox qaçqını Livan (hər 8 nəfərə 1 qaçqın), İordaniya (14 nəfərə 1 qaçqın) və Türkiyə (23 nəfərə 1 qaçqın) qəbul edib. Ölkə əhalisinə nisbətdə Aruba adası ən çox sayda xaricə köçmüş didərgin venesuelalıları qəbul edib (hər 6 nəfərə 1 nəfər), onun ardınca Kürasao (10 nəfərə 1 nəfər) gəlir. Onların üçdə ikisindən çoxu (69 faiz) yalnız beş ölkədən gələnlərdir: Suriya (6,8 milyon), Venesuela (4,6 milyon), Əfqanıstan (2,7 milyon), Cənubi Sudan (2,4 milyon) və Myanma (1,2 milyon). Qlobal səviyyədə 2021-ci ildə 6,1 milyon venesuelalı qaçqın, sığınacaq axtaran və miqrant olub (Venesueladan olan Qaçqınlar və Miqrantlar üçün Koordinasiya Platformasının məlumatına əsasən).

Sığınacaq axtaranlar 1,4 milyon yeni vəsatət təqdim ediblər. Amerika Birləşmiş Ştatları dünyada ən ox sayda (188.900) yeni fərdi vəsatətlər alan ölkə olub, onun ardınca Almaniya (148.200), Meksika (132.700), Kosta-Rika (108.500) və Fransa (90.200) gəlir.

2021-ci ildə 5,7 milyon didərgin insan öz mənşə ərazilərinə və ya mənşə ölkələrinə qayıdıb, buraya 5,3 milyon məcburi köçkün və 429.3 qaçqın daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR