Böyük Qayıdışa dair I Dövlət Proqramı ölkəmizin əzminin göstəricisidir - RƏY

# 17 noyabr 2022 15:33 (UTC +04:00)

“Bu gün Azərbaycan bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən heç bir axsatmaya yol vermədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”.

APA xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ölkəmizin bu istiqamətdə əzminin və səylərinin növbəti göstəricisidir: “Həmin proqrama əsasən təmsil etdiyim bölgədə də bir sıra yeni müəssisələrin, o cümlədən Cəbrayıl rayonunda 25, Qubadlı rayonunda 16 məktəbin inşası nəzərdə tutulur”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, tarixi Zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük Qayıdışın reallaşdırılmasıdır: “Özlüyündə bu, çətin, mürəkkəb, ancaq eyni zamanda müqəddəs bir vəzifədir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdir. Ancaq bunun Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var. Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında sərəncam imzaladı. Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə tutulur. Eyni zamanda görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək” .

Deputat Müşfiq Cəfərov artıq iki ildir işğaldan azad olunmuş ərazilərdə əsaslı quruculuq işlərinin tam sürətlə davam etdiyini söyləyib: “Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda yeni layihələrin təməli qoyuldu. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğu təmin etməklə Qarabağ ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir çox istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Bütövlükdə Qarabağ regionu turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Hazırda Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətimizdə bütün imkanlarını səfərbər edib. İki il müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdu və mühüm işlər görüldü”.

Deputat Fatma Yıldırım bildirib ki, hazırda dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq işləri həyata keçirilir: “Növbəti il üçün dövlət büdcəsindən bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinin xüsusi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Noyabrın 16-da Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan mühüm addımdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bizim əsas milli hədəflərimizdən biridir və dövlət proqramında nəzərdə tutulan məsələlərdən icrası bu prosesi daha da sürətləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR