BP Azərbaycan dilinə tərcümə edilmiş 4 dərsliyi təqdim edib

BP Azərbaycan dilinə tərcümə edilmiş 4 dərsliyi təqdim edib
# 26 yanvar 2023 15:14 (UTC +04:00)

Bu gün Böyük Britaniyanın BP şirkəti beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, BP tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir.

APA-Economics”in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, kitablar BP-nin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük bir təhsil layihəsinin bir hissəsi olaraq tərcümə edilib və nəşr olunub. BP bu layihəni hazırda davam etdirir və əlavə 10 beynəlxalq universitet dərsliyinin tərcümə olunması və nəşri üzərində iş gedir.

“Bu kitablar yerli universitetlərin bəhrələnə biləcəyi daha bir dəyərli təhsil və tədris mənbəyidir. Layihə başa çatdıqda biz universitetlərimiz üçün qlobal biliklərlə zəngin 29 ən nüfuzlu beynəlxalq dərsliyə birbaşa çıxış təmin etmiş olacağıq. Çox məmnunuq ki, Bakıda və ölkənin digər şəhərlərində yerləşən 30-dan çox yerli ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti bu dərsliklərdən yararlana biləcək. Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı kimi biz ölkədə təhsilin ümumi keyfiyyətinin artırılmasına yönəlmiş sosial layihələrə sərmayə qoymağa davam edəcəyik.” Bu gün yeni kitabların ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Yeni təqdim edilmiş dörd kitab bunlardır: 1) Pozitiv psixologiya: təməl/1-ci nəşr (Müəllif: Rona Hart) Nəşriyyat: Routledge, 2020, 2) Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli/2-ci nəşr, (Müəlliflər: Çarlz.A O’Reyli və Maykl L. Tuşman) Nəşriyyat: Stenford Universiteti, 2021, 3) Sosial tədqiqat praktikası/15-ci nəşr (Müəllif: Örl Bebbi) Nəşriyyat: Cengage AU, 2020, 4) Yeni biznes yolu testi/5-ci nəşr (Müəllif: Con Mallins) Nəşriyyat: Pearson, 2018.

Bu kitablar BP-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərslik 2000 nüsxədə çap edilib.

Hazırda davam edən layihənin ümumi dəyəri 1 milyon AZN-dən çoxdur ($590000) və buraya bu gün təqdim edilmiş dörd kitab və layihə çərçivəsində nəzərdə tutulmuş daha 10 dərslik daxildir. Bu, bp-nin bundan əvvəl 15 dərsliyin tərcüməsi və nəşrinə xərclədiyi təxminən 1,14 milyon AZN ($670000) vəsaitə əlavədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR