BP məktəblər üçün yeni tədris və təlim vəsaitlərini təqdim edib

BP məktəblər üçün yeni tədris və təlim vəsaitlərini təqdim edib
# 21 sentyabr 2022 16:57 (UTC +04:00)

BP şirkəti Azərbaycanda olan tərəfdarları adından bu gün məktəblərin yuxarı sinif şagirdləri üçün yeni tədris və təlim materialının hazırlanması məqsədi daşıyan sosial layihənin uğurla başa çatdığını elan edib. Layihə həmçinin ölkədə distant təhsil imkanlarının gücləndirilməsi səylərini dəstəkləyir.

APA-Economics”in verdiyi xəbərə görə, layihənin hazırlayıb təklif etdiyi materail tədris planından kənar məzmun olmaqla karyera planlaşdırması, maliyyə savadlılığı və sahibkarlıq haqqında onlayn dərslər üçün nəzərdə tutulub. Material hazırlandıqdan sonra videodərslər şəklində ümumi və onlayn televiziyalar, həmçinin digər rəqəmsal kanallar vasitəsilə geniş təqdim edilib. Sahibkarlıq haqqında 10 dərs, maliyyə savadlılığı haqqında doqquz dərs və karyera planlaşdırması haqqında iki dərs hazırlanıb. Bunların arasında “Mən sahibkaram”, “Mənim büdcəm”, “Mənim gələcəyim” kimi bəzi videodərslər Təhsil Nazirliyinin 114000 abunəçisi olan “YouTube” kanalında kifayət qədər populyarlaşıb.

Bundan əlavə, layihə dövlət və özəl sektoru təmsil edən uğurlu karyera sahibləri ilə keçirilmiş doqquz onlayn müsahibə əsasında hazırlanmış xüsusi təlim proqramları da təklif edib. Bunlar məşğulluq tendensiyaları, karyera yolları və iş tələbləri kimi mövzularda interaktiv müzakirələrdən ibarət olub.

Layihənin məqsədi, maliyyə savadlılığı və sahibkarlıq mövzularında sinifdənkənar məşğələlər üçün vəsait hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək olub. Nazirlik artıq bu məzmunu ölkənin müxtəlif yerlərində ümumilikdə 30 məktəbdə istifadə etməyə başlayıb. Bu məşğələlərə hazırlıq məqsədilə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdən seçilmiş məktəblərin bir qrup müəllimi üçün onlayn təlim təşkil olunub və həmin müəllimlər xüsusi hazırlanmış metodik vəsaitlə təmin edilib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, layihə çərçivəsində hazırlanmış material həm onlayn dərslərdə, həm də canlı məşğələlərdə istifadə edilə biləcək dəyərli tədris və təlim vəsaitidir: "Təhsil Nazirliyi artıq 3230 şagirdi, 64 müəllimi və 122 sinfi əhatə etməklə 30 məktəbdə bu məzmunun pilot istifadəsinə başlayıb. Geniş mənada baxsaq, hər bir insan karyera planlaması, maliyyə savadlılığı və sahibkarlıq haqqında yaxşı biliyə malik olmalıdır. Bu biliyə nə qədər tez yiyələnsək, hər bir işdə qarşıya çıxa biləcək çətinliklərə qarşı bir o qədər hazırlıqlı olarıq. Ümidvarıq ki, bu layihə bir çox gəncin uğurlu karyera yoluna hazırlığında yardımçı olacaq”.

Layihənin dəyəri 60000 AZN (35300 ABŞ dolları) təşkil edib və layihə müddəti 11 ay olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR