Bu gündən müəllimlərin sertifikasiyasına başlanılıb - YENİLƏNİB - FOTO

# 30 avqust 2022 11:12 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

APA xəbər verir ki, sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli APA-ya açıqlamasında bildirib ki, sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub:

"Onlardan 2579 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib. Dəvət olunan 117 nəfər sertifikatlaşdırmada iştirak etmir. İmtahan bitdikdən sonra həmin şəxslərin hansı səbəbdən gəlmədikləri araşdırılacaq".

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.

***

07:45

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.

İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.

Qeyd edək ki, hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır. İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub. Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10%, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR