Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib
# 10 avqust 2022 15:46 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə "YAŞAT" Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2022-ci ilin ilk 6 ayı ərzində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 73 647 tibbi xidmət göstərilib.

İTSDA-dan APA-ya verilən xəbərə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 64 924-ü ambulator, 8 723-ü isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 362 şəxsin 6 572 nəfəri müharibə iştirakçısı, 790 nəfəri isə şəhid ailəsi olub.

Vətən müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən kəllə-beyin travmaları və onların ağırlaşmaları, ümumi tibbi baxış, essensial (birincili) hipertenziya və partlayış zamanı qəlpələrin səbəb olduğu zədələr ilə bağlı olub.

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya, şəkərli diabet, essensial (birincili) hipertenziya, onurğanın osteoxondrozu, öd kisəsi xəstəlikləri və ümumi tibbi baxış ilə əlaqədar olub.

O cümlədən 297 nəfər müharibə iştirakçısı, 52 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 451 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında yara tikilməsi, orqanlardan yad cismin çıxarılması, abses və hematomaların drenaj olunması, burun çəpər əyriliyi və appendektomiya - kor bağırsaqda soxulcanabənzər çıxıntının kəsilib götürülməsi üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR