Cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib

Cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib
# 12 avqust 2022 11:50 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artırılaraq 2506,9 milyon manata çatdırılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.

2022-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1159,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11,5 faizini təşkil edir. Onların 60,5 faizi yaşa, 26,6 faizi əlilliyə, 12,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 10,9 faiz artaraq 368,0 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,5 faizinə bərabər olub.

2022-ci il iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 124,1 min nəfər, əlilliyə görə - 210,4 min nəfər (onlardan 52,2 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 53,2 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,5 min nəfər olub.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 207 nəfər qəyyumuna aylıq müavinət verilib.

Bundan əlavə, 2082 nəfər bir yaşınadək uşağı olan 2011 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 10,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 327 şəxsə isə kompensasiya verilib.

2022-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib.

2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat təşkil edib.

Eyni zamanda, müxtəlif kateqoriyadan olan 376,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR