Çingiz Əsgərov: “Avropa Məhkəməsi qərarlarındakı mövqelərin nəzərə alınmasına xüsusi diqqət yetirilir”

Çingiz Əsgərov: “Avropa Məhkəməsi qərarlarındakı mövqelərin nəzərə alınmasına xüsusi diqqət yetirilir”
# 16 iyun 2022 16:05 (UTC +04:00)

“Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla qərar qəbul edilməsinə xüsusi diqqət yetirilməkdədir”.

APA xəbər verir ki, bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfransda deyib.

Ali Məhkəmənin sədrinin müavini ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə məlumat verərək, bildirib ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institutsional dəstək verməklə məhkəmənin işinə önəmli töhfə verməkdədir.

Çingiz Əsgərov bildirib ki, Azərbaycan Respublikası prosessual qanunvericiliklərinə edilmiş son dəyişikliklərlə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinə verilib. Bununla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin hakimlərindən ibarət tərkibdə baxılaraq müvafiq Qərardadlar qəbul edilməsi nəzərdə tutulub. Artıq qeyd edilən səlahiyyətdən istifadə edilməklə bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edildiyini bildirən Çingiz Əsgərov, bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib.

Sədr müavini həmçinin bildirib ki, 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş qanunvericiliyə edilən dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbit olunub. Bütün bunlar məhkəmədə baxılan işlərin keyfiyyətinin artırılmasına, lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR