Çingiz Əsgərov: “Avropa Məhkəməsinə şikayət sayı insan hüquqlarının göstəricisi hesab edilə bilməz” - MÜSAHİBƏ

Çingiz Əsgərov

© APA | Çingiz Əsgərov

# 23 fevral 2022 13:30 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun APA-ya müsahibəsi

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikası ilə bağlı şikayətlərə baxılması sahəsində vəziyyət necədir?

- İnsan hüquqlarına dair Avropa Konvensiyası Azərbaycanda 2002-ci il aprelin 15-dən qüvvəyə minib. Bu, vətəndaşlarımızın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üçün əlavə mexanizm yaratmaqla yanası, həmçinin ölkəmizin qanunvericiliyinin və hüququn tətbiqi təcrübəsinin təkmilləşdirilməsi üçün yeni imkanlar açıb.

Keçən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib. Bu, ölkəmizin əhalisinin sayına münasibətdə heç də böyük rəqəm deyil. Əlbəttə, dövlətə qarşı mümkün qədər az sayda qərarların çıxarılması arzu olunsa da, ərazimizin böyük hissəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında olması və bunun nəticəsində obyektiv problemlərin yaranması bu qərarların sayına təsir göstərib.

Eyni zamanda bəzən Avropa Məhkəməsinin statistik məlumatlarına istinad edilərək, Azərbaycanın ona qarşı verilmiş şikayətlərin sayına görə Avropa Şurasının üzv dövlətləri arasında yuxarı göstəriciyə malik olması bildirilir. Bu, belə deyil. Əslində, istinad edilən rəqəm ümumi şikayətlərin sayını deyil, Avropa Məhkəməsi tərəfindən hələ baxılmamış şikayətlərin sayını göstərir ki, bu da həmin şikayətlərə baxılması nəticəsində Konvensiya müddəalarının mütləq pozulmasının müəyyən edilməsinə gətirməyəcək.

Ümumiyyətlə, qeyd etməliyəm ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir.

Bununla belə, şikayətlərin sayı heç də ölkədə insan hüquqlarının təmin edilməsi vəziyyətinin göstəricisi hesab edilə bilməz.

Azərbaycan hər zaman Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir.

Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə öz töhfəsini verir.

Eyni zamanda Avropa Məhkəməsinin presedent hüququ ölkəmizin məhkəmələrinin fəaliyyətinə təsir edib. Ali Məhkəməyə daxil olan vətəndaşların müraciətləri cəmiyyətdə məhkəmə sisteminə münasibətdə müsbət dəyişikliklərin baş verməsinə dəlalət edir.

- Avropa Məhkəməsində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı məhkəmə proseslərini necə qiymətləndirmək olar?

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi 2003-cü ilin sonlarından bu günə kimi Avropa Məhkəməsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı proseslərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşları ilə birlikdə iştirak etmişəm. 2004-cü ildən başlayaraq, işğal nəticəsində qaçqın və ya məcburi köçkün olmuş vətəndaşlarımızın Avropa Məhkəməsinə şikayətlərinin hazırlanması ilə məşğul olmuş hüquqşünaslara zəruri dəstək verilib. Sonradan Çıraqov və digərlərinin Ermənistana qarşı şikayətlərinə baxılması prosesində Azərbaycan Hökuməti maraqlı tərəf kimi iştirak edib. Bu prosesin nəticəsində qəbul edilmiş qərarda ilk dəfə olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı beynəlxalq məhkəmə tərəfindən təsdiq edilib və gələcək işlər üçün mühüm presedent yaradılıb.

Artıq Vətən Müharibəsi zamanı Avropa Məhkəməsinə Ermənistana qarşı dövlətlərarası şikayətin verilməsi üzərində iş başlanılıb. Qeyd edilməlidir ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş Böyük Zəfərdən bir az sonra, 2021-ci ilin yanvar ayında şikayət üzərində iş artıq tam yekunlaşıb və o, Avropa Məhkəməsinə göndərilib.

Xüsusilə vurğulamaq istərdim ki, tərəfimizdən təqdim edilmiş dövlətlərarası şikayətdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin 30 ilə yaxın işğalı, habelə İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistanın qanunsuz hərəkətləri nəticəsində zərər çəkmiş və hüquqları pozulmuş bütün vətəndaşlarımız adından Azərbaycan dövləti ölkə ərazisində yaşayan şəxslərin hüquq və azadlıqlarının təminatçısı olaraq çıxış edir. Avropa Məhkəməsində tərəfimizdən qaldırılan pozuntular və işə baxılmasının perspektivləri barədə cəmiyyətə ətraflı məlumatlar verilib.

Hazırda Avropa Məhkəməsində şikayətin mümkünlüyü ilə bağlı icraat başlanılıb və aprel ayının əvvəllərində Azərbaycanın mövqeyi Strasburqa təqdim ediləcək. Maraqlı hal odur ki, Ermənistan beynəlxalq təşkilatlarda və informasiya məkanında Azərbaycanın İkinci Qarabağ Müharibəsi zamanı hərəkətlərini araşdırmaq zərurətini təkidlə qaldırsa da, Avropa Məhkəməsində mövqeyinin təqdim edilməsi üçün vaxtı davamlı olaraq uzatmaq barədə vəsatətləri verməklə prosesi uzatmağa çalışır. Təəccüblü deyil ki, sonuncu dəfə Avropa Məhkəməsi Ermənistana bu barədə vəsatətlərinə bundan sonra baxılmayacağını bildirib.

- Ali Məhkəmənin bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim etdiyi qeyd edilib. Bunlar hansılardır?

- Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim edib və bu layihələr qanunvericilik orqanı tərəfindən qəbul edilib.

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər edilməsi barədə qanunun hazırlanmasında Ali Məhkəmənin hakimləri yaxından iştirak edib, Avropa Məhkəməsinin presedent hüququ, Avropa ölkələrinin təcrübəsi və qabaqcıl hüquqi yanaşmalar nəzərə alınmaqla təkliflər veriblər.

Hesab edirəm ki, mülki prosessual qanunvericiliyinə 300-dən artıq düzəliş edən bu qanunun tətbiqi nəticəsində ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsi daha da səmərəli və şəffaf olacaq.

Hazırda Ali Məhkəmə tərəfindən yaradılmış işçi qrup tərəfindən cinayət-prosessual qanunvericiliyinə dəyişikliklər hazırlanması məqsədilə müzakirələr aparılır. İşçi qrupun tərkibinə Ali Məhkəmənin hakimləri, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Ədliyyə və Daxili İşlər nazirliklərinin nümayəndələri daxildir.

Ümumiyyətlə, qeyd edilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi yanaşmaya görə, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı hər hansı qanun layihələri birgə fəaliyyət, birgə müzakirələr nəticəsində hazırlanmasına üstünlük verilir. Buna görə də, Ali Məhkəmənin özü qanunvericilik təşəbbüsü hüququndan çox istifadə etmir.

Burada həmçinin vurğulanmalıdır ki, məhkəmə, prinsip etibarilə hüququ tətbiq edən orqandır və buna görə, mövcud qanunvericiliyə və təcrübəyə dair məhkəmənin mövqeyi məhz onun qərarlarında əks etdirilməlidir.

Bununla yanaşı, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Son iki il ərzində dövlət orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.

Eyni zamanda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2020-ci il 29 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın və digər hüquqi aktların layihələrinin işlənib hazırlanmasında rəy və təkliflərini bildirib.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanununun tətbiqi və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil etmək məqsədi ilə Ali Məhkəmənin sədri tərəfindən müvafiq əmr imzalanıb və Ali Məhkəmə Aparatının strukturunun yenidən müəyyən edilməsi istiqamətində müvafiq işlər aparılaraq Ali Məhkəmə Aparatının və İşlər idarəsinin yeni strukturu və ştat cədvəli təsdiq olunub.

Həmçinin 2021-ci il 9 iyul tarixdə Mülki Prosessual Məcəllənin 16-cı maddəsinə edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Həmin Məcəllənin 96-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Ali Məhkəmədə işlərə yazılı icraat qaydasında baxılması da vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, tərəflərin şikayət və etirazlarının daha peşəkar səviyyədə hazırlanmasına, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

Məhkəmə hakimiyyətinin nüfuzunun artırılması üçün tədbirlərin həyata keçirilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında nəzərdə tutulub. Bu məqsədlə Ali Məhkəmə tərəfindən müvafiq təkliflər hazırlanır.

Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində məhkəmə sistemi, ayrı-ayrı hakimlər barəsində səslənən fikirlər cəmiyyətdə məhkəmələrə təhrif olunmuş münasibətin yaranmasına gətirib çıxarır. Aydındır ki, ayrı-ayrı şəxslərin, o cümlədən hüquqşünasların öz mövqeyini bildirmək və cəmiyyətə təqdim etmək azadlığı var. Lakin hər bir hüququn hüdudları mövcuddur və məhkəmələrin fəaliyyəti ilə bağlı ifadələr təhqir və böhtan səviyyəsinə enməməli, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməməlidir.

Bununla yanaşı, hakimlərin ayrı-ayrı işlər üzrə mövqeyi onların qəbul etdiyi qərarlarda əks etdirilir və belə mövqeyin cəmiyyətə çatdırılmasının ən yaxşı üsulu mətbuat üçün işin və çıxarılmış qərarın mahiyyətinə dair açıqlamaların verilməsidir. Misal üçün, Ali Məhkəmənin internet səhifəsində vacib hüquqi məsələlərin həlli ilə bağlı çıxarılan qərarlar barədə mütəmadi press-relizlər verilir. Kütləvi informasiya vasitələri həmin internet resursundan istifadə edərək ölkəmizdə hüququn tətbiqi təcrübəsinin inkişafı, müəyyən edilmiş hüquqi mövqelər barədə məlumatı cəmiyyətə təqdim edə bilərlər.

Bu və digər tədbirlər ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyini və şəffaflığını artırmaq, vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi mexanizmlərini gücləndirmək, müasir dövrün tələblərinə uyğun şəkildə şəxslərin məhkəməyə müraciət etmək imkanlarını asanlaşdırmaq, habelə hüquq mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə həyata keçirilməkdədir.

- Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi və həmin vəzifənin icra olunması mexanizmi təsbit edilib. Ötən dövrdə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün hansı ciddi tədbirlər görülüb?

- Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə “Məhkəmələr və hakimlər haqqında” qanuna, mülki, cinayət və inzibati prosessual qanunvericiliyinə müvafiq dəyişikliklər edilib. 2022-ci ilin fevral ayına olan məlumata əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən yeddi mübahisəli məsələ üzrə “Məhkəmələr və hakimlər haqqında” qanunun 79-1-ci maddəsində təsbit edilmiş mexanizmə müraciət edilib.

Belə ki, mülki və kommersiya kollegiyaları tərəfindən dörd mübahisəli məsələ ilə bağlı Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş yeni mexanizmə müraciət edilib. İnzibati kollegiyada isə İnzibati Prosessual Məcəllənin 98-1-ci maddəsində təsbit edilmiş yeni mexanizmə müraciət edilərək, üç məsələ üzrə İnzibati kollegiyanın qərardadı qəbul edilib. Bir iş üzrə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmə Plenumunun qərarı qəbul edilib.

Bütün hallarda mübahisəli hüquqi məsələlərə hüquq ictimaiyyətinin diqqətini çəkmək məqsədi ilə Ali Məhkəmənin internet səhifəsi və sosial şəbəkələr vasitəsi ilə verilmiş məlumat nəticəsində maraqlı şəxslər, o cümlədən hüquqşünaslar və ayrı-ayrı təşkilatlar tərəfindən çoxsaylı yazılı formada əsaslandırılmış rəylər (amicus curiae rəyi) təqdim edilib. Nəticədə Ali Məhkəmənin fəaliyyətinin şəffaflığı və ictimaiyyətə açıqlığı təmin olunub.

Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları daxilində qanunvericiliyin ayrı-ayrı müddəalarının tətbiqi ilə bağlı müxtəlif məsələlər üzrə vahid yanaşma formalaşdırılıb. Misal üçün, kommersiya kollegiyası tərəfindən lizinq mübahisələri üzrə baxılmış işlər təhlil edilərək, bu növdən olan mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmini məqsədi ilə Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə müraciət edilib.

Bu kontekstdə, həmçinin Ali Məhkəmənin internet səhifəsində yeni axtarış sisteminin işə salınması qeyd edilməlidir. Nəinki Ali Məhkəmənin qərarları, həmçinin apellyasiya məhkəmələrinin qərarları üzrə axtarış sistemi məhkəmələrin bu və ya digər məsələyə yanaşmanın, mübahisəyə məhkəmələr tərəfindən baxılmasının perspektivlərinin müəyyən edilməsinə, yəni məhkəmə qərarlarının proqnozlaşdırılan olmasına yardım edəcək. Nəzərə alınmalıdır ki, axtarış sistemi üzərində iş davam etdirilir və gələcəkdə ölkəmizin digər məhkəmələrinin qəbul etdiyi qərarların bu sistemə daxil olması planlaşdırılır.

- Fərmanda məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi nəzərdə tutulub Ancaq hələ də protokolların tərtibi ilə bağlı şikayətlərə rast gəlinir. Bu sahədə vəziyyət necədir? Məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması tələbi nə zamandan tam təmin olunacaq?

- Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamının 2.6-cı bəndinə uyğun olaraq, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılıb.

Eyni zamanda Mülki Prosessual Məcəllənin 272.4-1-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur.

Azərbaycan Respublikası Prezidentinin Fərmanında verilmiş tövsiyəyə müvafiq olaraq, Ali Məhkəmə “Elektron məhkəmə” sisteminin operatoru olan müvafiq icra hakimiyyəti orqanına həmin sistemin işlənməsi ilə bağlı öz təkliflərini verərək onun təkmilləşdirilməsi işində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR