COVİD-lə bağlı soyuq zəncir avadanlıqlarının inventarlaşdırılması davam edir

COVİD-lə bağlı soyuq zəncir avadanlıqlarının inventarlaşdırılması davam edir
# 11 avqust 2022 13:11 (UTC +04:00)

Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkə üzrə soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması prosesi davam edir.

Ümumdünya Səhiyyə Təşkilatından APA-ya verilən xəbərə görə, inventarlaşdırma prosesini Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin ÜST-nin İnventarlaşdırma və Boşluqların Təhlili Aləti (IGAS – Inventory and Gap Analysis System) üzrə təlim keçmiş əməkdaşları həyata keçirir.

Səhiyyə Nazirliyi və ÜST Azərbaycan Ölkə Ofisinin əməkdaşları soyuq zəncir avadanlıqlarının inventarlaşdırılması prosesinə nəzarət etmək məqsədilə şimal bölgəsinə səfər edib. Quba, Qusar və Xaçmaz rayonlarına səfər zamanı monitorinq qrupu tərəfindən məlumatların keyfiyyətli şəkildə toplanması və proqrama daxil edilməsi prosesi izlənərək hesabat tərtib olunub. Növbəti həftələrdə inventarlaşdırma prosesinin keyfiyyətlə həyata keçirilməsinə nəzarət məqsədilə digər rayonlara da monitorinq səfərlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ÜST-nin İnventarlaşdırma və Boşluqların Təhlili Alətindən (IGAS) istifadə ölkədə mövcud soyuq zəncir avadanlıqlarının cari peyvənd cədvəlində əks olunan və potensial yeni peyvəndlərin həcmlərinə uyğunluğu baxımından funksionallığını müəyyənləşdirməyə imkan verir və müvafiq boşluqları aşkarlayaraq soyuq zəncir sisteminin təkmilləşdirilməsi məqsədilə ölkə əhəmiyyətli qərarların qəbul edilməsinə töhfə verir.

Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunlaşdırma proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR