Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda ictimai müzakirə keçirilib

Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda ictimai müzakirə keçirilib
# 23 may 2022 14:28 (UTC +04:00)

Bu gün Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat Nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirə keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə və İqtisadiyyat Nazirliklərinin, Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin ölkəmizdə nümayəndəliyinin təmsilçiləri, hakimlər, vətəndaş cəmiyyəti institutları, sahibkarlar və media mənsubları iştirak ediblər.

Açılış mərasimində Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov və Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış ediblər.

Sonra tədbir panel müzakirələrlə davam edib. Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçən “Dayanıqlı inkişaf üçün sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi” adlı birinci paneldə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üçün dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi, bütün səviyyələrdə effektiv, məsuliyyətli və şəffaf təşkilatların yaradılması mövzusunda çıxışlar edilib.

Mediasiya Şurasının sədri Nadir Adilovun moderatorluğu ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin və QHT-lərin rolu” adlı ikinci paneldə isə vətəndaş cəmiyyətinin savadlandırılması yolu ilə DİM barədə məlumatlılığın artırılması, qanunun aliliyinin təşviqi və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanının təmin edilməsi mövzusunda həyata keçirilən tədbirlər müzakirə olunub.

Dayanıqlı İnkişaf üzrə 16-cı Məqsədin icrasına xidmət edən ədalət mühakiməsinin əlçatanlığının təmin edilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan qanunvericilik, institusional və praktiki tədbirlərdən, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin yaradılmasından, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqindən bəhs olunub.

Eyni zamanda, ədliyyə sahəsində əhaliyə şəffaf, operativ və resurslara qənaət etməklə hüquqi xidmətlər göstərilməsi, bu sahədə elektron və mobil xidmətlərdən istifadə, ədliyyə sahəsində ictimai iştirakçılığın geniş təşviqi barədə faydalı fikir mübadiləsi aparılıb.

Sonda mövzular üzrə müzakirələr keçirilərək maraq doğuran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR