Dayanma, durma və parklanma sahəsində bəzi cərimələrin artırılması təklif olunur

Dayanma, durma və parklanma sahəsində bəzi cərimələrin artırılması təklif olunur
# 25 yanvar 2022 16:05 (UTC +04:00)

Yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitənin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.
Sədr müavini Milli Məclisin 2021-cı ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı diqqətə çatdırıb.
Sonra komitənin 2021-ci ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Qüdrət Həsənquliyev bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik (birinci oxunuş) edilməsi barədə qanun layihələridir.
Sənəd barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov diqqətə çatdırıb ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma va parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.
Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Qüdrət Həsənquliyev və komitə üzvləri Fəzail Ağamalı, Tahir Kərimli, Azay Quliyev, Elşən Musayev, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çıxış edərək layihə barədə fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında digər bir qanun layihəsinə (birinci oxunuş) də baxılıb.
Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, təklif olunan dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirmə aparılaraq həmin maddəyə 279.0.1.1-ci maddənin əlavə edilməsini özündə ehtiva edir.
Dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Onlayn iclasda komitənin üzvləri Nizami Səfərov, Madər Musayev, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Nurlan Həsənov, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İsgəndərov, Cəbi Quliyev, Milli Məclis Aparatının və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR