Deputat: “Bərdədə kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərə zəmin yaradır” - VİDEO

Fatma Yıldırım

© APA | Fatma Yıldırım

# 20 dekabr 2021 11:28 (UTC +04:00)

“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Fatma Yıldırım bildirib.

Deputat deyib ki, bu gün ölkəmiz dünyaya yayılmış koronavirus infeksiyasına qarşı qətiyyətlə mübarizə aparmaqdadır: “Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın yayılmaması üçün bütün dövlət strukturları səfərbər olunub. Belə bir çətin dövrdə 200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun mərkəzi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması sakinlərdə çox ciddi narazılıq doğurur. Hazırda ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda daşaraq yollara dağılması bir çox yoluxucu xəstəliyin yayılmasına zəmin yaradır. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir. Bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulub və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Bərdə şəhərində də kanalizasiya sisteminin yaradılması ilə əlaqədar ötən il Nazirlər Kabineti və “Azərsu”ya rəsmi şəkildə müraciət etmişəm. Bir daha hökumətdən xahiş edirəm ki, icra olunacaq layihələr çərçivəsində Bərdə şəhəri də nəzərə alınsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR