Deputat: “Prezidentin Fərmanı elmin dirçəlişi baxımından çox vacib addımdır”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 29 iyul 2022 17:43 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman zamanında verilmiş qərardır. Bu Fərman elm və təhsilin inkişafına böyük töhfələr verəcək. Çünki bu sahələr üzrə idarəetmə və struktur islahatlarının aparılması günümüzün tələbidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezidentin bu Fərmanı Azərbaycan elminin dirçəlişi baxımından çox vacib addımdır. Onun sözlərinə görə, yaşadığımız elm və texnologiyalar əsrində ölkəmizdə də bu sahələrdə müasir dövrün tələblərinə uyğun yeniliklər olmalıdır: “Bu səbəbdən də Akademiyanın idarəetməsində və strukturunda islahatlar ciddi zərurətə çevrilmişdi. Bu baxımdan Prezidentin Fərmanı sosial sifarişdir, cəmiyyətdən gələn təşəbbüsdür. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru kimi hesab edirəm ki, yüksək texnologiyalar istiqamətində, o cümlədən fizika sahəsində ixtiralar hər bir ölkənin inkişafına mühüm töhfələr verir. Müasir dünyanın tələblərindən biri odur ki, həm hərbi sənayedə, həm də digər sahələrdəki nailiyyətlər elmdən gələn ixtiralarla bağlıdır. Azərbaycan iqtisadiyyatının da daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı var. Elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq kəsb etdiyi indiki dönəmdə ölkəmizdə də bu sahədə islahatlar olduqca aktualdır. Bir sıra dünya ölkələrində elmin və onun nailiyyətlərinin ÜDM-də payı kifayət qədər yüksəkdir. Biz də bu hədəflərə çatmalıyıq. Bunun üçün elmdə, o cümlədən fizika sahəsində müasir texnologiyalardan istifadə etmək lazımdır. Həmçinin, elmi laboratoriyalar bağlanmalı deyil, əksinə, yeni, dövrün tələblərinə cavab verən laboratoriyalar yaradılmalıdır”.

Fatma Yıldırım qeyd edib ki, gəncləri elm sahəsinə cəlb etmək üçün Elm və Təhsil Nazirliyi təşviqedici proqramlar hazırlamalıdır: “Düşünürəm ki, Prezidentin Fərmanı nəticəsində həyata keçiriləcək islahatlar istedadlı gənclərin elmə cəlb olunmasına töhfə verəcək. Gənclər yeni fikirlər, yeni tədqiqatlar deməkdir. Bu da bizim elmimizin və təhsilimizin dünya elminə inteqrasiyasına kömək edəcək”.

Deputat hesab edir ki, dövlət başçısının imzaladığı Fərman Akademiyanın öz funksiyasına uyğun fəaliyyətinə təkan verəcək: “Bütövlükdə isə Elm və Təhsil Nazirliyinin yaradılması çox uğurlu modeldir və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində də belə nümunələr kifayət qədər var. Çünki elm və təhsilin vəhdəti daha çox nailiyyətlərə səbəb olacaq. Hesab edirəm ki, bu sahədə aparılan islahatlar Azərbaycan elminin və təhsilinin gələcəkdə dünya səviyyəsində də böyük nailiyyətlər qazanmasına yeni imkanlar yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR