Deputat: “Prezidentin fərmanı Qarabağ müharibəsi əlillərinə qayğının təzahürüdür”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 23 dekabr 2021 18:09 (UTC +04:00)

“Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə veriləcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
M. İbrahimqızı deyib ki, fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə ilə təmin olunacaq. Sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına ödənişlər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat birdəfəlik ödəmə müəyyənləşib: “Birdəfəlik ödəmə həmin məbləğlərdə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.
Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə və müdafiə, daxili işlər, ədliyyə nazirlərinin müavinlərindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəislərinin müavinlərindən, Dövlət Sığorta Kommersiya Şirkəti sədrindən ibarət Komissiya yaradılıb. Komissiyanın təklifləri əsasında Nazirlər Kabineti birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək. Ödənişlər nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Aidiyyəti qurumlar birdəfəlik ödəmə veriləcək şəxslərin siyahısını müəyyən etmək məqsədilə müvafiq məlumatları iki ay müddətində, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan şəxslərin, Dövlət Sığorta Kommersiya Şirkəti isə qeyd edilən kateqoriyalara aid olan və sığorta ödənişi verilmiş şəxslərin siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək”.
M. İbrahimqızı qeyd edib ki, birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb və birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək: “Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramı icra edilib, 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yeni fərmanı Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğısının daha bir təzahürüdür: “Həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində övladlarımız Vətən uğrunda savaşıb, yaralanıb, şəhid, qazi olublar. Bu vətənpərvər insanlar heç zaman unudulmayacaq. Şəhidləriniz hər zaman qəlbimizdə yaşayacaq. Əlillər, qazilər və şəhid ailələri hər zaman Azərbaycan dövlətinin və xalqının diqqət və qayğısı ilə əhatə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR