Deputat: “Prezidentin iqtisadi və sosial siyasəti bir-birini tamamlayır”

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 15 yanvar 2022 12:07 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, görülən işlərin mərkəzində hər zaman insan amili, sosial rifah dayanıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək ali niyyət kimi bəyan edilib. Həmçinin, ana qanunumuzla vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir: “Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə səsləndirdiyi statistika, o cümlədən bəyan etdiyi fikirlər konstitusion olaraq müəyyən olunmuş bu ali niyyət və məqsədə sədaqətin təzahürüdür. Digər tərəfdən, o da məlumdur ki, pandemiya bütün dünyada ağır iqtisadi böhrana, o cümlədən, nəticə etibari ilə ciddi sosial problemlərə yol açıb. Təbii ki, qlobal iqtisadi məkanın bir hissəsi kimi Azərbaycan da bu proseslərdən sığortalanmayıb. Lakin 44 günlük müharibə, daha sonra işğaldan azad olunmuş ərazilərdə başlanan geniş miqyaslı quruculuq-bərpa prosesinin ciddi iqtisadi yükünə baxmayaraq Azərbaycan sosial dövlət konsepsiyasından geri çəkilmədi. Əksinə, 30 milyard manata çatacaq xərclə 2022-ci ilin dövlət büdcəsi tariximizdə ən böyük büdcə olacaq və bu büdcədə xərclərin əhəmiyyətli hissəsi məhz sosial sahəyə yönəldiləcək. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, bu, kifayət qədər mürəkkəb bir dövr olan 2021-ci ildə əldə edilmiş nailiyyətlərin hesabınadır”.

B. Məhərrəmov nəzərə çatdırıb ki, ötən illə bağlı digər mühüm məqam xarici ticarət balansının 10 milyard dolları aşan müsbət saldosu ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır: “Burada diqqət ediləcək digər vacib bir məqam, dövlət başçısının müəyyən etdiyi kursa uyğun olaraq iqtisadi strategiyanın sosial amilləri nəzərə alaraq həyata keçirilməsi, daha dəqiq formada ifadə etsək, Prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin bir-birini tamamlaması ilə bağlıdır. Bu ona görə vacibdir ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Lakin Prezidentin özünün də müsahibədə vurğuladığı kimi, elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR