Deputat: Sosial islahat paketi Azərbaycan dövlətinin gücünün, vətəndaşına münasibətinin göstəricisidir

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 07 yanvar 2023 13:40 (UTC +04:00)

“Azərbaycan Prezidentinin imzaladığı 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanıldığını göstərir. Bu sərəncam əhalinin mühüm bir qisminin sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcək”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

Deputat xatırladıb ki, minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq: “Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Eyni zamanda, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılır ki, bu da 700 min vətəndaşın sosial durumuna müsbət təsir göstərəcək”.

Soltan Məmmədov qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub: “Bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, dövlət büdcəsinə daxil olan əlavə vəsaitlərin sosial müdafiə tədbirlərinə yönəldilməsi əhalinin rifahını yüksəltmək məqsədinə xidmət edir. Təkcə bir faktı qeyd edim ki, bu il büdcədə pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur. Bu, 2022-ci ilə nisbətən 650 milyon manat çox vəsait deməkdi”.

Soltan Məmmədov vurğulayıb ki, həyata keçirilən islahatlar yalnız iqtisadi və sosial aspektləri ilə deyil, həm də mənəvi-psixoloji baxımdan əhəmiyyətə malikdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın daha da gücləndirilməsinə müsbət təsir göstərir: “Sosial islahatların dördüncü paketinin əhəmiyyətini qiymətləndirərkən diqqətə alınmalı vacib amillərdən biri bundan ibarətdir ki, islahatlar dünyada baş verən mürəkkəb proseslər, qiymət artımı, iqtisadi çətinliklər fonunda həyata keçirilir. Digər tərəfdən, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasına, daha dəqiq desək, yenidən qurulmasına kifayət qədər böyük məbləğdə vəsait xərcləyir. Eyni zamanda təhlükəsizliklə bağlı məsələlərin həlli, müdafiə qüdrətinin daha da artırılması da prioritet vəzifələrdən biridir. Məhz bu üç amili nəzərə alsaq, sosial islahatların davam etdirilməsinin indiki şərtlərdə o qədər də asan olmadığını görmək mümkündür. Bu, Azərbaycan dövlətinin gücünün, öz vətəndaşına münasibətinin göstəricisidir”.

Deputat bildirib ki, 2023-cü ildə reallaşdırılması nəzərdə tutulan yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu islahatlar 2 milyona yaxın vətəndaşın rifahına müsbət təsir göstərəcək: “2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə artırılıb. Bu rəqəmlər və davam etdirilən islahatlar bir daha təsdiq edir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkəmizdə sosial müdafiə sisteminin uğurlu modelini yaratmağa imkan verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR