Deputat: Sosial paketlər inflyasiyanın təsirini minimuma endirə biləcək

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 13 yanvar 2023 16:27 (UTC +04:00)

Qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycan da dünyada olan inflyasiyadan təsirlənib. Lakin dövlət başçısının fərman və sərəncamları ilə 2023-ci ilin əvvəlindən ölkəmizdə sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketi həyata keçirilib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Ümumilikdə bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir: “Düşünürəm ki, qəbul olunan geniş tərkibli sosial paketlər inflyasiyanın təsirini minimuma endirə biləcək. Azərbaycan dövləti bir daha siyasətinin əsas qayəsinin vətəndaş rihafı olduğunu sübut etdi. Bu gün qlobal böhran bütün dünyada hiss olunur, bunun əsas səbəbi pandemiya və hərbi toqquşmalardır. Ancaq dövlətimizin əsas prioriteti bütün bu proseslərin vətəndaşların rifah halına mənfi təsirinin qarşısını almaqdır. Azərbaycanın dərin məzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti vacib yer tutur. Bu baxımdan dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan dördüncü sosial paketlə bu siyasətin ardıcıl səciyyə daşıması öz təsdiqini tapır. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir.

Həmçinin, ildən-ilə aktiv məşğulluq proqramlarının da tərkibi genişləndirilir. Prezident İlham Əliyevin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. Bu proqram kiçik sahibkarlığa çıxışı asanlaşdırdığı kimi işsizliyi azaldır və ölkədəki iqtisadi artım indeksini daha da qaldırır”.

Deputat qeyd edib ki, ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR