Dərs ilinin sonunda XI siniflərdə BSQ-nin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirilib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 11 yanvar 2022 11:35 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının XI siniflərdə mart, IX siniflər üçün isə apreldə keçirilməsi nəzərdə tutulur. Elə isə buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmənin (BSQ) keçirilməsinin nə əhəmiyyəti var?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.

Fənlər üzrə illik qiymətlər isə Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən, kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri əsasında müəyyənləşdirilir.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, tədris ilində hər yarımil üzrə Böyük Summativ Qiymətləndirmə təşkil olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR