Doktorantura və dissertanturada xarici dil üzrə danışıq bloku imtahanı yekunlaşıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 20 iyun 2022 12:18 (UTC +04:00)

16-19 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən dil bilikləri üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 2231 nəfərdən 2107-si imtahana gəlib.

İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, 12 iyunda keçirilmiş imtahan zamanı yaranmış texniki problemlə əlaqədar təkrar keçiriləcək imtahanda (ilk 4 blok və ya dinləmə bloku) iştirak etmək üçün ərizə ilə müraciət etmiş vətəndaşlar 16-19 iyun tarixləri arasında keçirilən danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamadıqları təqdirdə yenidən təşkil olunacaq imtahana buraxılmayacaqlar.

Eyni zamanda, Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmır, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR