Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir

Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir
# 19 yanvar 2023 10:14 (UTC +04:00)

Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir.

APA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna bununla bağlı yeni - 31-1-ci maddə (Dövlət qulluqçusunun rotasiyası) əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Həmin qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.

Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödənişlər veriləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir. Layihəyə əsasən, bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük veriləcək.

Dövlət qulluqçularının potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə, dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılacaq. Bunun üçün müəyyən edilən qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR