Dövlət Yanğından Mühafizə Xidmətində yarış keçirilib - FOTO

Dövlət Yanğından Mühafizə Xidmətində yarış keçirilib - FOTO
# 04 noyabr 2022 12:09 (UTC +04:00)

Noyabrın 1-3-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin (NMYMD) 13 nömrəli Yanğından Mühafizə Hissəsinin bazasında FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə “ən yaxşı manqa” adı uğrunda yarış keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Bakı və Sumqayıt şəhərlərində yerləşən yanğından mühafizə hissələrinin 18 manqası və 126 nəfərdən ibarət şəxsi heyətinin iştirak etdiyi yarış yanğınsöndürənlərin peşə vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

“Ən yaxşı manqa” adı uğrunda keçirilən yarışda birinci yerə NMYMD-nin 19 nömrəli Yanğından Mühafizə Hissəsi, ikinci yerə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə NMYMD-nin 13 nömrəli Yanğından Mühafizə Hissəsi layiq görülüb.

Yarışın qaliblərinin mükafatlandırılması mərasimində FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, DYMX-nın rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzov və DYMX-nın məsul şəxsləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən M.İsmayılov Azərbaycan xalqına qələbə sevincini və qürur hissini yaşadan, möhtəşəm Zəfərin memarı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib, qarşıdan gələn Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib.

Sonra yarışın qalibləri FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR