DSMF: Ali təhsilin staja daxil edilməsi əmək pensiyaçılarının sayına da təsir edib 

DSMF: Ali təhsilin staja daxil edilməsi əmək pensiyaçılarının sayına da təsir edib 
# 11 yanvar 2022 13:03 (UTC +04:00)

“Ali təhsilin staja daxil edilməsi ilə bağlı rəqəmlər xırda görünə bilər, amma bu, ciddi görülən işlərdən biridir. 2006-cı ilin 1 yanvar tarixində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minib. Həmin qanun qüvvəyə mindikdə əyani ali təhsilin staja daxil edilməsi nəzərdə tutulmayıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.

“Köhnə qanunvericilikdə vətəndaşların pensiya təminatı haqqında qanunda əyani ali təhsilin staja daxil edilməsi qeyd olunmuşdu. 2006-cı ildən bu günədək, yəni nazirin tapşırığına qədər 14 il müddətində ali təhsilin staja daxil edilməsi DSMF tərəfindən həyata keçirilməyib”, - o deyib.

Ş. Əliyev qeyd edib ki, Mərkəzi filial tərəfindən 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib ki, həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb: “Bu şəxslərin hər birinə keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilməkdədir. Bu say bizim idarəyə münasibətdə az görünə bilər, amma digər mərkəzi filiallarda, sosial ödənişlər təyinatı üzrə mərkəzi filialda bu, 10 minlərlə şəxsi əhatə edir. Bu gün Fondun pensiya sahəsi üzrə mərkəzləşdirilməmiş digər mərkəzi filiallarında da bu işlər görülməkdədir. Ən vacib tərəfi odur ki, bu, bəzi şəxslərin pensiya hüququna imkan verdi. Tutaq ki, dövlət qulluqçusudur, 15-16 il dövlət qulluqçusu stajı var, lakin əmək pensiyaları haqqında qanuna görə, 25 il sığorta stajı yoxdur, sığorta stajı 22 ildir. Həmin tapşırığa qədər bu şəxsə dövlət qulluqçusu kimi pensiya təyin etmək mümkün deyildi. Ali təhsilin staja daxil edilməsi ilə pensiya hüququ müəyyənləşdirilib. Bu, əmək pensiyaçılarının sayına da təsir edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR