DSMF audit nəticəsində Baş Prokurorluğa təqdim edilən məlumata münasibət bildirib

DSMF audit nəticəsində Baş Prokurorluğa təqdim edilən məlumata münasibət bildirib
# 07 dekabr 2022 16:48 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Hesablama Palatasının qurumda apardığı audit nəticəsində Baş Prokurorluğa təqdim edilən məlumata münasibət bildirib.

APA xəbər verir ki, Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, Hesablama Palatasının DSMF-nin kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək dövrdə təyin olunub.

“Pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb.

Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır.

Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır.

DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib. Hesabatın dərci Fondun fəaliyyətində şəffaflığın göstəricisidir”, - DSMF əməkdaşı vurğulayıb.

Qeyd edək ki, Hesablama Palatası DSMF-də kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib. Bildirilib ki, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884,0 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR