DSX polkovnikinin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub - FOTO - VİDEO

Polkovnik Emil Nəzirovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

© APA | Polkovnik Emil Nəzirovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

# 21 yanvar 2022 13:27 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan polkovnik Emil Nəzirovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin fonduna təqdim edilib.

APA-nın məlumatına görə, bu gün bununla bağlı keçirilən tədbirdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov bildirib ki, onlar İkinci Qarabağ müharibəsi zamanından qəhrəmanlar haqqında materiallar toplamağa başlayıblar: “Məqsədimizin muzeydə torpaqlarımızın azadlığı uğrunda döyüşən, canlarından keçən hərbçilərimizlə bağlı məlumatların olması idi. 2020-ci ilin oktyabr ayının sonlarında, müharibənin ən qızğın vaxtında biz muzeydə Vətən Müharibə Fondu yaratdıq. Çox qısa bir zaman içində fondda 2 mindən çox material toplandı. Biz 2021-ci ilin mart ayında bu fondun “Anadır arzulara, hər zaman Qarabağ” adlı sərgisini keçirdik. Bu bizim vəfa borcumuz idi. Muzeyə gələn ziyarətçilər hər biri bu sərgiyə baxırlar”.

F. Cabbarov qeyd edib ki, Qaraheybət aviasiya poliqonunda baş verən hadisə onları dərindən sarsıdıb: “Müharibə qələbəmizlə bitəndən sonra düşünürdük ki, artıq şəhid verməyəcəyik. Lakin arzularımızdan asılı olmayaraq, bu cür faciələr baş verir. Qaraheybət faciəsində bizim 14 yüksək rütbəli zabitimiz şəhid oldu. Bu bizi dərindən üzdü. Həmin şəhidlərdən biri də Emil Nəzirov idi. Mən cənab polkovnikin keçdiyi döyüş yoluna baxanda daha da sarsılıram və onun timsalında hərbçilərimizlə fəxr edirəm. Çünki Emil Nəzirov peşəkar hərbçi idi. Hərbi Hava Qüvvələrimizin formalaşmasında onun müstəsna rolu olub. Emil Nəzirov sovet dönənimdə hərbi təhsil alıb. Birinci Qarabağ müharibəsinə könüllü qatılıb və idarə etdiyi helikopterlə müharibə zamanı qarşı tərəfə sarsıdıcı zərbələr vurub. Emil Nəzirov həmçinin Vətən müharibəsində iştirak edib və qələbəmizin memarlarından olub. Mən şəhidin ailə üzvlərinə təşəkkür edirəm ki, onun şəxsi əşyalarını muzeyimizə təqdim ediblər. Şərəfdir ki, ailəsi onun əşyalarını bizim fonda həvalə edir. Şəhidlərimizin materiallarının qorunması və araşdırılması bizim borcumuzdur. Şəhid ailələri və qazilərin materiallarının toplanması prosesi hələ də davam edir. Biz müvafiq materialları toplayaraq gələcəkdə kitab halında da çap edəcəyik”.

Daha sonra tədbirdə muzeyin Elmi-Fond işləri üzrə direktor müavini Məhruzə Zeynalova çıxış edərək Vətən Müharibəsi Fondunda toplanan materiallarla bağlı məlumat verib.

Emil Nəzirovun keçdiyi həyat yolu bağlı məlumatlar təbdir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə E. Nəzirovla bağlı videoçarx nümayiş olunub.

Şəhidin qardaşı Abbas Nəzirov ailə üzvlərinin adından çıxış edərək muzeyin rəhbərliyinə, fonda təşəkkürünü çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR