Dünyada vərəm xəstəliyindən ölənlərin sayı COVID-19-dan ölənlərin sayını keçib

Dünyada vərəm xəstəliyindən ölənlərin sayı COVID-19-dan ölənlərin sayını keçib
# 07 iyun 2023 15:41 (UTC +04:00)

Vərəmdən hər gün təxminən 700 uşaq da daxil olmaqla 4500-5000 insan vəfat edir.

APA xəbər verir ki, Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva deyib. O bildirib ki, dünyada vərəm xəstəliyindən ölənlərin sayı COVID-19 infeksiyasından ölənlərin sayını keçib:

“Vərəm xəstəliyi dünyada ən çox ölümə səbəb olan infeksion xəstəlikdir. Bu xəstəlik hava-damcı yolu ilə ötürülür. Dünyada hər il 10 milyon insan bu xəstəliyə yoluxur və onlardan 1,5, 1,6 milyon insan vəfat edir. Vərəm xəstəliyi ən çox Rusiya, Hindistan, İndoneziya, Cənubi Afrika kimi ölkələrdə geniş yayılıb. Dünyada bu xəstəliyin olmadığı ölkə isə demək olar ki, yoxdur".

Pərvanə Vəliyeva qeyd edib ki, vərəmin ilkin əlamətləri iki həftədən çox davam edən öskürək, döş qəfəsində ağrılar, halsızlıq, temperaturun yüksək olması, sürətlə çəki itirməkdir:

"Bu xəstəliyin ötürücüsü elə vərəm xəstələridir. Demək olar ki, bütün orqanlarımızda vərəm ola bilər. Lakin vərəmin növləri arasında ən təhlükəli olanı ağciyərdə olan vərəmdir. İnsanlar özündə bu əlamətlərdən hansınısa müşahidə edərsə, o zaman ən yaxın ilkin səhiyyə xidməti mərkəzlərinə müraciət etməlidir. Bu zaman ehtiyac olduğu halda xəstə ixtisaslı həkimə yönləndirilir və müalicə yazılır. Məlumat üçün qeyd edim ki, vərəm xəstəliyinin müayinəsi icbari tibbi sığorta çərçivəsində həyata keçirilir”.

O həmçinin əlavə edib ki, vərəm sağalan xəstəlikdir, irsi keçməsi mifdir:

"Müalicə metodları və dərmanlar mövcuddur. Müalicəyə sadiqlik göstərən xəstələr tamamilə sağala bilir. Bu xəstəliyin müalicəsi ağır antibiotiklərlə aparılır. Bəzən xəstələr bu prosesə tab gətirə bilmir, yarıda qoyurlar. Bəzən isə dərman qəbulunun ilkin mərhələsində simptomlar aradan qalxır və bəzi xəstələr müalicəni yarıda qoyurlar. Nəticədə daha ağırlaşmış formada ortaya çıxa bilir. Antibiotiklərlə müalicədə diqqətli olmaq və həkim məsləhəti olmadan qəbul etmək və ya müalicəni yarıda kəsmək olmaz. Antibiotiklərin ilkin qəbulundan sonra vərəm xəstəliyinin digər insanları yoluxdurma riski aşağı düşür. Buna görə vərəm xəstəliyindən əziyyət çəkən insanları təcrid etmək yox, vaxtında müayinə və müalicəyə təşviq etmək lazımdır. Sonrakı mərhələdə onların həyat fəaliyyətlərini normal şəkildə davam etdirmələri üçün şərait yaradılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR