Elçin Sadıqov: Əvəz Zeynallının mənə bunu edəcəyini, pul alıb, yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim

Əvəz Zeynallı, Elçin Sadıqov

© APA | Əvəz Zeynallı, Elçin Sadıqov

# 28 mart 2023 11:16 (UTC +04:00)

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

APA xəbər verir ki, Elçin Sadıqov “Facebook” sosial şəbəkəsindəki hesabında bu müddət ərzində dinmədiyini, səbr etdiyini yazıb: “Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Ə. Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib.

Əvəz Zeynallıdan R. Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allah şükür etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R. Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla, ümumiyyətlə, danışmayaq. O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni, pul alıb, yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə, öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.

Elçin Sadıqov qeyd edib ki, Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib, şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır. Amma onun həbsi siyasidir, ifadə azadlığına görədir, sadəcə, bu fürsətdən istifadə etdilər”, - deyə vəkil vurğulayıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Martın 27-də “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Əvəz Zeynallı məhkəmədə çıxış edərək, onunla birlikdə tutulmuş, hazırda ev dustaqlığında olan vəkil Elçin Sadıqovdan danışıb: “Məni Elçin Sadıqovla birlikdə tutublar, eyni maddələrlə ittiham olunuruq. Bəs indi hardadır Elçin? Niyə tutulmuşdu? Elçin vəkilim olub, mən 15 il onunla fəxr eləmişəm, axırı gəldi belə oldu. Elçin ifadəsində deyib ki, mən danışmaması və yazmaması üçün Rasim Məmmədovun arvadından pul alıb Əvəzə vermişəm. Baş prokurorun müavini Elçin Məmmədov Elçin Sadıqova dedi ki, Əvəzin əleyhinə ifadə ver get, o deyiləni edib getdi. Sonra da onu aradan çıxardılar”.

İş üzrə baxış iclası aprelin 10-na təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR