ETSN: Tikinti şirkətləri Bakıda və Abşeronda yaşıllıqları nəzərə almalıdır

İradə İbrahimova

© APA | İradə İbrahimova

# 20 may 2022 15:58 (UTC +04:00)

"Tikinti şirkətləri tərəfindən ekoloji ekspertiza rəyinə təqdim olunan layihələrin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq şəkildə icra olunmasını təklif edirik".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən dinləmədə deyib. O bildirib ki, tikintiyə başlamamışdan əvvəl tikinti şirkətləri tərəfindən ictimaiyyət görüləcək işlər barəsində, xüsusilə də yaşıllıqların vəziyyəti və gələcək yaşıllaşdırma tədbirləri haqqında məlumatlandırılmalı, aparılacaq tikinti-abadlıq işlərinin mahiyyəti, cəmiyyət və insanlarımız üçün faydası, sosial əhəmiyyəti açıqlanmalıdır:

"Bu, həm bu sahədə şəffaflığın təmin olunmasına şərait yaradacaq, həm də tikinti şirkətlərinin yaşıllıqların qorunması və artırılması işində məsuliyyətini artırmış olacaq. Hamımıza məlumdur ki, ağaclara, yaşıllıqlara tikinti şirkətləri tərəfindən zərər verilməsi halları var və bu, nazirlik olaraq bizi olduqca narahat edir, ictimaiyyətin də haqlı narazılığı ilə qarşılanır. Bütün bu ictimai dinləmələrin keçirilməsində məqsəd odur ki, bu narahatlıq və narazılıqlar aradan qalxsın. Bir daha tikinti şirkətlərinə müraciət edirik ki, paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR