Fərid Qayıbov UNESCO-nun İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib

Elman Abdullayev

© APA | Elman Abdullayev

# 24 may 2022 15:51 (UTC +04:00)

Mayın 24-də UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclası keçirilib.

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən APA-ya verilən xəbərə görə, iclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub.

Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.

Daha sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib.

Yekdilliklə qəbul olunmuş qərara əsasən, gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.

İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində Komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün Komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd etdib.

Qeyd edək ki, sözügedən Komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.

Üzv ölkələr Azərbaycanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR