Fevralın 7-də maqnit sahəsinin bir qədər aktivləşəcəyi proqnozlaşdırılır

Fevralın 7-də maqnit sahəsinin bir qədər aktivləşəcəyi proqnozlaşdırılır
# 06 fevral 2023 16:52 (UTC +04:00)

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəşin səthində 5 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 79-dur. Son 3 sutka ərzində 20 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, onlardan 3-ü çox böyük miqyasa malik olub. 5 fevral saat 14:51-də 3211 oblastında baş vermiş C6 sinifli alışma ilə bağlı CME istiqamətinin Yerə yönələcəyi gözlənilmir. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və aşağı səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 397.8 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 11.25 nT, radial istiqamətdə isə -10.97 nT olub.

Geomaqnit sahə, son sutka ərzində ümumən sakit olub (Kp=2).

Kosmik hava proqnozu – Proqnoz günlərində (06 - 08 fevral) Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 75%, M sinif 10%, X sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Proqnoz dövründə mənfi qütblü Tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq.

Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnaların ötürülməsində də R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 10%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 1% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR