FHN Akademiyasında hərbi andiçmə və buraxılış mərasimi keçirilib - FOTO - VİDEO

FHN Akademiyasında hərbi andiçmə və buraxılış mərasimi keçirilib - FOTO  - VİDEO
# 07 oktyabr 2022 13:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Ragim Lətifov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları - Sevinc Fətəliyeva və Etibar Əliyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, Vətən müharibəsi qaziləri, FHN Akademiyasının kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir müavini E.Mirzəyev bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında xüsusi yer tutduğunu bildirərək bu nailiyyətin əsasında ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların dayandığını vurğulayıb. Nazir müavini deyib ki, məhz bu müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində rəşadətli Ordumuz 44 gün ərzində tarixi Qələbəyə imza ataraq, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad edib. Torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarından söz açan nazir müavini tarixi Zəfərlə bitmiş Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin də şəxsi heyətinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edib. Xüsusilə düşmənin mülki obyektlərə endirdiyi zərbələr nəticəsində baş vermiş yanğınların söndürülməsi, dağıntılar altında qalan vətəndaşlarımızın xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü xatırladan E.Mirzəyev, bununla yanaşı FHN-in bir qrup əməkdaşının da işğalçılara qarşı döyüşlərdə könüllü olaraq Ordu sıralarında şücaətlə döyüşdüyünü bildirib.

Vətən müharibəsində Türkiyə dövlətinin və türk xalqının Azərbaycanın yanında olduğunu deyən nazir müavini, qardaş ölkədəki meşə yanğınlarının qarşısının alınması zamanı da Azərbaycan dövlətinin Türkiyənin yanında olduğunu qeyd edib. Nazir müavini işğaldan azad olunmuş ərazilərin minalardan və partlayış təhlükəli əşyalardan təmizlənməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən işlərdən də danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Nazirliyin maddi-texniki bazasının daim gücləndirildiyini bildirən E.Mirzəyev təkcə minatəmizlə işlərinin sürətləndirilməsi məqsədilə 4 ədəd yeni mina təmizləyən robot texnikasının alındığını açıqlayıb.

Sonda fövqəladə hallar nazirinin müavini kursantlara və məzunlara uğurlar arzulayıb.

Sonra çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev kursantları və məzunları, həmçinin onların valideynlərini təbrik edib. B.Salayev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı böyük zəfərdən söz açıb, qəhrəman əsgər və zabitlərimizin Vətən qarşısında misilsiz xidmətlərindən bəhs edib. Akademiyanın fəaliyyətindən danışan B.Salayev ali təhsil ocağında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalaviat səviyyəsində əyani və qiyabi təhsil və həmin ixtisasların 3 ixtisaslaşma üzrə magistratura səviyyəsində tədris prosesinin təşkil olunduğunu, bu günədək bakalaviat səviyyəsi üzrə 1130 nəfər, magistratura səviyyəsi üzrə isə 76 nəfərin təhsilini başa vurduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, məzunlardan bakalaviat səviyyəsi üzrə 34 nəfər, magistratura səviyyəsi üzrə isə 20 nəfər təhsilini fərqlənmə diplomu ilə başa vurub və bu il Akademiyanın əyani şöbəsinə bakalaviat səviyyəsində 100 nəfər, qiyabi şöbəsinə 21 nəfər, magistraturaya isə 15 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda yüksək bal toplayaraq qəbul olub.

Daha sonra Vətən müharibəsi qazisi Dəyanət Məmmədov və Akademiyanın məzunu leytenant Elvin Həsənov çıxış edərək kursant və məzunları təbrik ediblər.

Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant İlqar Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Akademiyanın idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR