FHN binaların ətrafında yaradılan maneələrlə bağlı müraciət edib - VİDEO

Yasamalda yaşayış binasında təlim

© APA | Yasamalda yaşayış binasında təlim

# 27 aprel 2022 11:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən yaşayış binasında “Şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və tutumu 300 m3 olan istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, yaşayış binasınn ehtiyat enerji mənbəyinin, qəza işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, daxili yanğın su kranlarının istismara yararsız olduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı müəyyən edilib.

Göstərilənlər barədə bina rəhbərliyinə şifahi və yazılı tapşırıq verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı avtonərdivan və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi yolverilməzdir. Bu cür hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilir.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməsini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR