FHN-in Beynəlxalq Axtarış xilasetmə Dəstəsi taktiki xüsusi təlim keçirib - VİDEO

FHN-in Beynəlxalq Axtarış xilasetmə Dəstəsi taktiki xüsusi təlim keçirib - VİDEO
# 03 sentyabr 2022 11:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində növbəti taktiki-xüsusi təlim keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etmək üçün hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsindən ibarət olub. Təlim zamanı Dəstənin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlimin mövzusu, məqsədi və təlim üzrə tapşırıqların icrası zamanı diqqət mərkəzində saxlanılması vacib olan məsələləri qeyd etməklə yanaşı, təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

2 mərhələdə keçirilən taktiki-xüsusi təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər yerinə yetirilib. Belə ki, Dəstə üzvləri tərəfindən şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi, müvafiq qərarların qəbul olunması üzrə tədbirlər icra olunub. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibbi və digər təminat növlərinin təşkili həyata keçirilib.

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub. Hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi uğurla icra olunub. Eləcə də təlim zamanı Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyəti təşkil olunub, həmin mərkəzlərin şəxsi heyətinin bilik və bacarıqlarının daha da artırılmasına xüsusi diqqət yetirilib.

Təlimin sonunda şəxsi heyətin tapşırıqların icrası üzrə fəaliyyəti müzakirə edilib, növbəti təlimlərdə diqqət mərkəzində saxlanılmalı olan məsələlər barədə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR