FHN Lənkəranda taktiki-xüsusi təlim keçirib - FOTO - VİDEO

FHN Lənkəranda taktiki-xüsusi təlim keçirib - FOTO  - VİDEO
# 11 noyabr 2022 12:52 (UTC +04:00)

Noyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı ilə Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində “Baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qurumları və digər dövlət orqanları arasında əlaqələndirmə, idarəetmə və nəzarət işinin təşkil edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

APA-nın xəbərinə görə, təlimdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvə və vasitələri, həmçinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin, Su Nəqliyyatında Polis İdarəsinin, Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi olub.

Təlim zamanı Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində yerləşən limanda balıqçı təyinatlı “U-42” gəmisində şərti yanğın hadisəsinin baş verməsi, bu zaman gəmidə olan şəxsi heyətin “köməksiz vəziyyətdə” qalması və 1 nəfərin “suya düşməsi” barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vasitəsi ilə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin, baş vermiş şərti yanğının söndürülməsi və zərərçəkmişlərin xilas edilməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhərində yerləşən yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri də hadisə yerinə cəlb olunub.

Təlim zamanı baş vermiş şərti yanğın “söndürülüb”, 26 nəfər gəmi heyətindən 18 nəfər təxliyə edilib, təşviş nəticəsində suya düşmüş 8 nəfərdən 7 nəfəri “xilas olunub”, 1 nəfər şəxsin “cəsədi” tapılaraq “aidiyyəti üzrə təhvil verilib”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR