FHN Mərdəkanda internat məktəbində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirib - FOTO - VİDEO

Mərdəkanda internat məktəbində yanğın təhlükəsizliyi ilə bağlı təlim

© APA | Mərdəkanda internat məktəbində yanğın təhlükəsizliyi ilə bağlı təlim

# 18 may 2022 13:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

APA xəbər verir ki, nazirliyin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olub.

FHN-in əməkdaşları təlimin nəzəri hissəsində məktəbin müəllim və şagirdlərinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyyə tədbirləri barədə maarifləndirici məlumatlar veriblər.

Videoçarxın müşayiəti ilə keçirilən maarifləndirici tədbirdə məktəblilərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Daha sonra təlimin praktiki hissəsi keçirilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər “xilas edilib”, şərti xəsarət almış məktəblilərə “ilkin tibbi yardım göstərilib”.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında təlimin uğurla yekunlaşdığını və qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib. Qurum rəsmisi nazirlik tərəfindən bu cür tədbirlərin Bakı ilə yanaşı digər regionlarda da mütəmadi olaraq təşkil olunduğunu qeyd edib.

Sonda məktəbin direktoru Dilarə Məşədiyeva təlimin əhəmiyyətindən danışıb. O, təlim nəticəsində şagirdlərin yanğın təhlükəsizliyi ilə bağlı biliklərini təkmilləşdirdiklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR