FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 11 may 2022 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, FHN-in “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur: "Bütün hallarda Nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır".

FHN qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR