FHN və DİN İsmayıllıda birgə maarifləndirmə tədbiri keçirib - FOTO

FHN və DİN İsmayıllıda birgə maarifləndirmə tədbiri keçirib - FOTO
# 14 iyul 2022 12:47 (UTC +04:00)

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində və rayon ərazisində meşə massivi ilə əkin sahəsinin sərhədində - açıq havada “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə şimal-qərb bölgəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, polkovnik Ağəli Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov çıxışında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, həmçinin meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Müşavirədə Daxili İşlər Nazirliyinin 11 rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölmələrinin rəisləri iştirak edib. Polis əməkdaşları çıxışında mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına İsmayıllı rayonunda meşə massivi ilə əkin sahəsinin sərhədində texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri indiyədək Gəncə, Lənkəran, Xaçmaz, Hadrud və İsmayıllıda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR