FHN və İsveç Mülki Müdafiə Agentliyinin təşkilatçılığı ilə seminar keçirilib - FOTO

FHN və İsveç Mülki Müdafiə Agentliyinin təşkilatçılığı ilə seminar keçirilib - FOTO
# 17 yanvar 2023 12:14 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və İsveçin Mülki Müdafiə Agentliyinin (MSB) birgə təşkilatçılığı, İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA) və Qızıl Xaç Cəmiyyətinin birgə tərəfdaşlığı ilə “Milli səviyyədə səmərəli erkən xəbərdarlıq sistemlərinin qurulması üçün qurumlararası birgə fəaliyyət və fövqəladə halların planlaşdırılması” adlı dörd günlük seminar keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbir Avropa İttifaqının (Aİ) “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində təşkil olunub.

Seminar fövqəladə halların milli və yerli səviyyələrdə planlaşdırılması, çevik cavab tədbirləri üçün erkən xəbərdarlıq, qurumlararası birgə fəaliyyət üzrə yanaşmaların mülki müdafiə tədbirlərinə tam inteqrasiyasının təmin olunması və effektiv erkən xəbərdarlıq sistemləri üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Tədbir zamanı milli səviyyədə erkən xəbərdarlıq sisteminin qurulması çərçivəsində məlumat mübadiləsi hədəfə alınmaqla qurumlararası əlaqələndirmə strategiyalarının hazırlanmasını və müvafiq səlahiyyətlərin bölgüsünü nəzərdə tutan yol xəritəsinin, fövqəladə hallar üzrə planların hazırlanması üçün istifadə olunan metodologiya və risklərin təhlilinə əsaslanan meşə yanğınları üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması istiqamətində görüləcək işlər müzakirə edilib.

Həmçinin, seminarda milli və yerli səviyyələrdə mülki müdafiə tədbirlərinin planlaşdırılması zamanı çevik cavab tədbirləri üçün erkən xəbərdarlıq strategiyalarının tətbiq olunması və yuxarıda qeyd olunan istiqamətlərdə milli səviyyədə həyata keçirilən digər təşəbbüslərlə birgə əməkdaşlığın qurulması kimi mövzular əhatə olunub.

Seminara Fövqəladə Hallar, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, TƏBİB-in, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, eyni zamanda İsveçin Mülki Müdafiə Agentliyinin (MSB), İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA), və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndələri iştirak edib.

Sözügedən seminar çərçivəsində meşə yanğınları təhlükəsinin proqnozlaşdırılması modelləri olan RİSİCO (Meşə yanğınları risklərinin qiymətləndirilməsi və idarəedilməsi sistemi) və EFFİS (Avropa meşə yanğınları üzrə məlumatlandırma sistemi) kimi Erkən Xəbərdarlıq Sistemləri ilə bağlı təqdimat da keçirilib. Tədbirdə İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin mütəxəssisi təlimçi qismində iştirak edib.

Tədbirin davamı olaraq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində təlim seminarları keçirilib.

Seminarın davamı olaraq, pilot ərazi kimi seçilmiş şimal-qərb regionuna səfər təşkil olunub. Səfərin məqsədi meşə yanğınlarına həssas ərazilər üçün erkən xəbərdarlıq sisteminin təmin edilməsi üçün mövcud risklərin təhlili və müvafiq monitorinqlərin aparılması, habelə yerli səviyyədə fəlakətlərin birgə və səmərəli idarəedilməsi imkanlarının qiymətləndirilməsi olub. Səfərə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, o cümlədən PPRD East3 proqramının mütəxəssisləri qatılıblar. Səfər çərçivəsində yerli səviyyədə mülki müdafiə tədbirlərinin birgə təşkili və planlaşdırılması, o cümlədən fəlakət risklərinin idarəedilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində və Qəbələ Rayon İcra Hakimiyyətində də görüşlər keçirilib.

Səfər çərçivəsində Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli səviyyədə mülki müdafiə tədbirlərinə cavabdeh qurumların, o cümlədən yerli icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin və əlaqələndirmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib.

Yekunda tədbirlərin nəticələrini müzakirə etmək məqsədilə Fövqəladə Hallar Nazirliyində icmal görüş keçirilib. Görüşdə PPRD East3 Proqramının mütəxəssisləri tərəfindən aparılmış qiymətləndirilmələrin nəticəsi olaraq müvafiq fəlakət risklərinin inteqrasiya olunduğu erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, hava proqnozlarının təhlili əsasında meşə yanğınları bülletenlərinin hazırlanması və yerli səviyyədə mülki müdafiə tədbirlərinə yerli icmaların cəlb edilməsi fəaliyyətinə sistemli yanaşmanın təmin edilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə mütəxəssislərin müvafiq tövsiyələri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR