Fövqəladə hallarda uşaqların təhsilə çıxışında bərabərliyin təmini qaydası müəyyənləşib

Fövqəladə hallarda uşaqların təhsilə çıxışında bərabərliyin təmini qaydası müəyyənləşib
# 13 yanvar 2023 17:55 (UTC +04:00)

Fövqəladə hallarda uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası təsdiqlənib.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar qəbul edib.

Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi sahəsində dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin edilməlidir.

Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışı üzrə aidiyyəti qurumlararası əlaqələndirməni Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və xüsusi vəziyyətin mövcud olduğu ərazinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin edirlər. Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.

Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan 24 saat ərzində aidiyyəti dövlət orqanlarının və qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar yaratmalı və onların fəaliyyətini təşkil etməlidir.

Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışının təmini üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.

Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan 48 saat ərzində xüsusi vəziyyətdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlər planını təsdiq etməlidir. İşçi Qrup xüsusi vəziyyətin elan edildiyi vaxtdan müvafiq ərazi üzrə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlər planının layihəsini 1 gün müddətində hazırlayır və təsdiq olunması üçün Komissiyaya təqdim edir. İşçi Qrup yerli komissiya ilə birlikdə xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə aşağıdakı təxirəsalınmaz tədbirləri görür:

- müxtəlif media və ya telekommunikasiya vasitələrindən istifadə etməklə uşaqlarla bağlı müraciətlərə operativ baxılma üzrə yerin ünvanı və telefon nömrəsi barədə əhalini xüsusi vəziyyətin mövcud olduğu müddətdə davamlı olaraq məlumatlandırmaq;

- xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayını müəyyənləşdirmək və onların müvəqqəti yerləşdirilməsini təşkil etmək;

- uşaqların qidaya, geyimə, gigiyena ləvazimatlarına, psixoloji və tibbi-sanitariya yardımına olan ilkin zəruri ehtiyaclarını təmin etmək üçün tədbirlər görmək;

- fövqəladə vəziyyətin tətbiq edildiyi halda zərər çəkmiş uşaqlara zəruri kömək göstərilməsi üçün ərazinin komendantına müraciət etmək;

- xüsusi vəziyyətin elan edildiyi ərazidə yerləşən sosial xidmət müəssisələrində və ümumtəhsil internat məktəblərində yaşayan və ya tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların təxliyəsi ilə bağlı məlumatları və təklifləri Komissiyaya təqdim etmək.

Xüsusi vəziyyətin nəticələrindən zərər çəkmiş, təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə çıxış imkanı olmayan uşaqlar barədə məlumatı olan hüquqi və fiziki şəxslər dərhal bu barədə xüsusi vəziyyətin elan edildiyi ərazinin yerli komissiyasına məlumat verməlidirlər.

Tədbirlər planına icra müddəti və icraçılar göstərilməklə aşağıdakı məsələlər daxil edilir:

- xüsusi vəziyyət nəticəsində xidmətlərə çıxışı olmayan uşaqlar barəsində məlumatların toplanması;

- xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqlara xidmətlər göstərməklə fəaliyyətini davam etdirən müəssisələr barədə məlumatların toplanması;

- xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqların xidmətlərə təhlükəsiz çıxışında çətinliklərin aradan qaldırılması üzrə əsaslandırılmış təkliflər;

- xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqların xidmətlərə təhlükəsiz çıxışına dəstək üzrə könüllülər qruplarının yaradılması;

- sosial xidmət müəssisələrində və ümumtəhsil internat məktəblərində yaşayan və ya tərbiyə alan uşaqların ehtiyaclarının təmin edilməsi üzrə təkliflər;

- daxil olmuş müraciətlərin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün səyyar qrupların təşkil edilməsi;

- qəyyumluğa (himayəyə) və himayədar ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi;

- həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması.

Tədbirlər planının icraçıları tədbirlərin müəyyən edilmiş müddətdə icrasını təmin etməlidirlər. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə həftədə bir dəfədən az olmayaraq İşçi Qrupun iclası keçirilir. İclasda tədbirlər planı üzrə tədbirlərin icra vəziyyəti müzakirə olunur, tədbirlər planında dəyişiklik edilməsi barədə İşçi Qrup tərəfindən Komissiyaya təkliflər verilir. İşçi Qrup həftədə bir dəfə tədbirlər planının icra vəziyyəti barədə Komissiyaya məlumat təqdim edir. Komissiya İşçi Qrupun uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı əsaslandırılmış təkliflərinə baxılması üçün təkliflərin təqdim edildiyi vaxtdan 2 (iki) gün müddətində özünün növbədənkənar iclasını keçirir və həmin təkliflər barədə qərarlar qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR