Fövqəladə halların xəbərdar edilməsi üzrə seminar keçirilib - FOTO

Fövqəladə halların xəbərdar edilməsi üzrə seminar keçirilib - FOTO
# 31 may 2023 14:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, seminarda Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyanın təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçsının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə FHN-in Sumqayıt Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

Daha sonra FHN Sumqayıt Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rafiq Həsənov “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda məruzə edib. Məruzədə yanğınların baş vermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və s. məsələlərə toxunulub.

Seminarda şəhər ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR