Fövqəladə hallarla mübarizə mövzusunda konfrans keçirilib

Fövqəladə hallarla mübarizə mövzusunda konfrans keçirilib
# 10 may 2022 14:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfrans keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzey ilə tanış olublar.

Dövlət Himninin səsləndirlməsi ilə başlanan konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirərək qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail olub. Bu gün də ölkəmizin qarşısında duran strateji vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Akademiyanın rəisi xüsusilə vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasətinin layiqli davamçısı olan dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına böyük diqqət və qayğı göstərilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru professor Əminağa Sadıqov, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti texnika üzrə fəlsəfə doktoru Leyla Muradxanlı, FHN Akademiyasının “Təbiət və fundamental fənlər” kafedrasının professoru Xalid Həsənov və həmin kafedranın müəllimi Elvira Qurbanova, Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının baş müəllimi leytenant Maya Qurbanova məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında FHN Akademiyasının və ölkənin bir sıra ali məktəblərinin nümayəndələri müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR