Gəncə Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

Gəncə Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib
# 02 iyun 2022 18:22 (UTC +04:00)

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında illik hesabat konfransları keçirir. Növbəti konfrans Gəncə şəhərində baş tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, AMEA-nın Gəncə Bölməsinin sədri, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Gəncə Şəhər İcra Hakiiyyətində keçirilən konfransda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Nurəddin Məmmədovun 2021-ci ildə aparılan işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Nurəddin Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkədə ağsaqqallara göstərilən diqqət və qayğıdan söz açıb. O, məktəb və digər müəssisələrdə görüşlərdə, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, multikulturalizm və tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunmasında zidd hərəkətlərə qarşı mübarizədə öz xidmətlərini əsirgəmədiklərini bildirib, 44 günlük Vətən müharibəsindəki Qələbəmizin tarixi əhəmiyyətindən danışıb.

Bayram Yusifov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamlayıb. Bayram Yusifov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyində olmadığı dövrlərdə Azərbaycanın yaşadığı xaos, hərc-mərclik və digər problemlərə toxunaraq qeyd edib ki, həmin vaxt ölkənin müdrik insanları – ağsaqqallar yığışaraq xalqın adından Ulu Öndərə müraciət etdilər və o, əsl ağsaqqallıq nümayiş etdirərək xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, Azərbaycanı parçalanmaq təhlükəsindən, bir çox bəlalardan xilas etdi. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən natiq vurğulayıb ki, indi həyatımızın ən parlaq səhifəsini yaşayırıq və bu sevinci, bu qüruru bizə bəxş etdiyinə görə Müzəffər Ali Baş Komandana, igid əsgər və zabitlərimizə, qazilərimizə, qəhrəman Azərbaycan xalqına minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sonda natiq bildirib ki, biz də hər zaman bütün işlərdə möhtərəm Prezidentimizə dəstək olmalı, onun ətrafında dəmir yumruq kimi birləşərək daha xoşbəxt Azərbaycan naminə öz səylərimizi əsirgəməməliyik.

Şura üzvləri çıxışlarında Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açıblar. Qeyd edilib ki, xalqımızın milli-mənəvi dəyərlərində ağsaqqal sözü, xeyir-duası həmişə üstün olub.

Konfrans zamanı iştirakçıların müraciət və təklifləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR