Gəncə RİH başçısı insan alveri qurbanlarının sığınacağını ziyarət edib

Gəncə RİH başçısı insan alveri qurbanlarının sığınacağını ziyarət edib
# 29 dekabr 2022 22:15 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Təmas" Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzini (sığınacaq)" ziyarət edib.

APA-nın xəbərinə görə, görüşdə "Təmas" Regional İnkişaf İctimai Birliyinin həmsədrləri Suqra Məmmədova, Kübra Ələkbərova, iş adamı Qiyas Akkurt və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Şəhər rəhbərinə bildirilib ki, təşkilatın nəzdində fəaliyyət göstərən sığınacaq bölgələrdə zorakılıqdan əziyyət çəkən qadınlar və uşaqlar üçün nəzərdə tutulub. Hazırda burada 22 nəfər yaşayır ki, bunlardan 15-i uşaq 7-si qadındır. Hazırda, 10 uşaq məktəbdə, 5 uşaq isə məktəbəqədər təhsil müəssisəsində təhsil alırlar.

Niyazi Bayramov sığınacağın fəaliyyəti ilə tanış olub, burada yaşayan ailələrin qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq tapşırıqlar verib. Həmçinin, şəhər rəhbəri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sığınacaq sakinlərini təbrik edib, üzümüzə gələn 2023-cü ilin onlara xoşbəxtlik gətirməsini arzulayıb.

Daha sonra balacalar üçün Şaxta babanın iştirakı ilə Yeni il bayramı təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyəti adından sığınacaq sakinlərinə müxtəlif hədiyyələr təqdim edilib.

Sığınacağın sakinləri göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR