Gəncədə 20 Yanvar hadisələrinə həsr olunan konfrans keçirilib

Gəncədə 20 Yanvar hadisələrinə həsr olunan konfrans keçirilib
# 17 yanvar 2023 19:38 (UTC +04:00)

Gəncədə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu“ mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Qurbanov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Ulu Öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.

Sonra ADAU-nun müəllim və tələbələri mövzu ətrafında çıxışlar ediblər. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR