Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib - FOTO

Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib - FOTO
# 27 sentyabr 2022 17:41 (UTC +04:00)

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, DTX Gəncə Şəhər İdarəsinin rəisi Ramil Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məhkəmə sədrləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İH-dən APA-ya verilən məlumata görə, Gəncənin Şəhidlər xiyabanında gerçəkləşən tədbirdə əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür. Gəncə şəhəri Vətən müharibəsi dövründə isə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

Silsilə tədbirlərin davamı olaraq Nizami Gəncəvi Məqbərəsinin ərazisində Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri və millət vəkillərinin qatıldığı aksiyada, şəhərin iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar və şam ağacları əkilib.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb. Bununla yanaşı, gün ərzində Gəncənin baş meydanında olan monitorda Gəncə şəhidlərinin şəkil və məlumatlarının yer aldığı video slayd nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR