Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq

Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
# 21 avqust 2019 16:36 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Laneri qəbul edib.

APA-nın məlumatına görə, görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Görüşdə Nikola Laner Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoparkın yaradılması üçün əlverişli şərait olduğunu bildirilib. O, unikal arxeoparkın yaradılmasının yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.

Niyazi Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların nəzərinə çatdırıb. O qeyd edib ki, bu cür arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına təkan verəcək.

Qeyd edək ki, tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib.

Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR