Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub - FOTO - VİDEO

Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub  - FOTO  - VİDEO
# 12 may 2022 20:57 (UTC +04:00)

Gəncədə Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa ediləcək abidənin təməlqoyma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budak, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Niyazi Bayramov tədbir iştriakçılarını salamlayaraq bidlirib ki, tarixən Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar, ən ağır dövrlərdə belə qardaş dəstəyini əskik etməmişlər. O qeyd edib ki, ölkəmizin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına qürur verən hadisə oldu. Bugün Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.

Zeki Öztürk çıxış edərək bildirib ki, Azərbaycan–Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu münasibətlərin əsasında tarixi bağ dayanır. O qeyd edib ki, Qafqaz İslam Ordusunun Azərbaycanın o ağır vaxtında ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Məhz buna görə, Nuru Paşanın ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 11 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Konsul bidirib ki, bugün sözügedən ərazidə ucaldılacaq möhtəşəm abidənin təməlqoyma mərasimi hər birimiz üçün çox böyük tarixi hadisədir.

Daha sonra Niyazi Bayramov və Zeki Öztürk tərəfindən 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyul 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin təməli qoyulub və bununla bağlı sənəd imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR