Gəncədə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil olunub

Gəncədə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil olunub
# 30 dekabr 2021 00:14 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə şəhid, qazi övladları, o cümlədən SOS Uşaq Kəndinin və Gəncə Uşaq Evinin kiçik sakinləri üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik təşkil olunub.

APA-nın xəbərinə görə, Gəncə Dövlət Filarmoniyasında gerçəkləşən şənlikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Niyazi Bayramov körpə balaları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Niyazi Bayramov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığı bildirib.

Gəncə Dövlət Filarmoniyasının səhnəsində istedadlı uşaqların ifasında “Vətəndən pay olmaz”, “Toy olsun”, “Gəl ey səhər” və digər maraqlı bəstəkar mahnıları səsləndirilib, “Xəmsə” Ritm Qrupunun çıxışı izlənilib, baletmeystr Sənan Cavadovun rəhbərliyi ilə bir-birindən maraqlı rəqslər nümayiş etdirilib.

Tədbirin davamı olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün ziyafət təşkil olunub. Ziyafətdə Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən uşaqlara üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunan köynəklər hədiyyə olunub. Bundan başqa Yeni il bayramının ənənəvi personajları olan Şaxta baba və Qar qız uşaqları təbrik edib, balacalara Gəncə Şəhər İcra Hakimiyyəti adından bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıblar.

Eyni zamanda, günün ikinci yarısında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qərb bölgəsində yaşayan şəhid və qazi övladlarına da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hədiyyələr paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR